HƏR KƏSİN İÇİNDƏ BÖYÜMƏYƏN BİR UŞAQ VAR
Hər kəsin içində böyüməyən bir uşaq var:
Yarım qalan uşaqlığı, istəkləri, arzuları, bir oyuncağa həsrət böyüməyi, ən dəhşətlisi isə anaya, ataya doymadan, uşaqlığını yaşamadan həyatın gərdişi ilə baş-başa gəlməyi...
Hər kəsin içində böyüməyən bir uşaq var :
Yaxşıları dərk etmədən, beyni yuyulub pisliyə sövq edilməyi...
Hər kəsin içində böyüməyən bir uşaq var:
Evdə ərzaq yoxdur, vecsiz ata kef dərdində, körpə əlin qabar olmağı...
Hər kəsin içində böyüməyən bir uşaq var:
Kiminsə uğuruna yarımçıq sevinib, paxıllıq oyununa alət olunmağı...
Hər kəsin qəlbində bir uşaq var:
Rəngli gördüyü dünyanın anidən qaranlığa çevrilməyi, gələndə özü də dərk etmədən ağladığı dünyada , insanların necə ağladığını , maddi nemətlər uğrunda qan axmağını görməyi...
Hər kəsin içində böyüməyən bir uşaq var:
Ən çox sevdiyi anasının, onun dünyaya gəlməsinə vəsilə olan kişi tərəfindən fiziki şiddətə məruz qalmağı...
Hər kəsin içində böyüməyən bir uşaq var:
Onu dünyaya gətirənlər tərəfindən küçələrə atılmağı...
Hər kəsin içində böyüməyən bir uşaq var:
Güllü dona, təzə libasa həsrət qalmağı...
Hər kəsin içində böyüməyən bir uşaq var:
Filankəsin uşağı necə dərrakəlidir , deyib, hər gün təhqir olunmağı...
Hər kəsin içində böyüməyən bir uşaq var:
"Sən niyə qızsan" günahını bədəlini tez böyüdüyü ilə ödədiyi...
Hər kəsin içində böyüməyən bir uşaq var:
Ölümü dərk etmədən, qara qəbir daşlarına dolanıb ağlamağı...
Hər kəsin içində bir uşaq var :
Əlində gəlinciklə ərə verilib, uşaqlığına doymadan, bir evin uşağıykən, digər evdə gəlin olmağı...
Bəli, hər kəsin içində saydığım və saya bilmədiyim digər səbəblərdən dolayı böyüməyən bir uşaq var.
Bu uşaq ömrünün sonuna qədər böyüməyəcək, körpəykən qəlbinə gömdüyü həsrətlər, arzular, ömrünün sonunacan bir uşağın əbədi arzuları olaraq qalacaq.
Mənim də , sənin də, hamının içində böyüməyən bir uşaq var.
Əziz uşaqlar, həyat sizinlə daha gözəl, daha mənalıdır!
Gülüşünüz hər evin nəşəsi, sevinciniz xoşbəxtliyin özüdür!
Rahatlığınız bəşəriyyətin əmin-amanlığıdır!
Siz gülün, əziz körpələr!
Gerisi nafilə.
Heç kəsin içində böyüməyən uşaq qalmaması diləyilə...
Bayramınız mübarək!
Elida Laçın
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: